Qazaxın 4 kəndi işğaldan azad edildi. Özü də bir güllə belə atılmadan, İrəvanla Bakı arasında birbaşa danışıqlar nəticəsində. İlk dəfə olaraq Ermənistanla Azərbaycan dövlət sərhədlərinin bir hissəsini müəyyənləşdirdilər. Sülh prosesinin məntiqi sonluğa çatdırılması istiqamətində heç bir əngəlin qalmadığı bildirilir. Politoloq Qabil Hüseynli ilə bu və digər məsələlərlə bağlı söhbətləşdik:
- Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpası istiqamətində atılan addımları necə dəyərləndirirsiniz?
- Regionda lazım olan addımlar atılıb. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Ermənistanın təcavüzü nəticəsində 30 il işğal altında qalan torpaqlarda geniş quruculuq işləri gedir. Bu quruculuq işləri kifayət qədər xərc tələb edən kommunikasiyaların, logistik yolların yaradılması ilə bağlıdır. Eyni zamanda, əhalinin bölgəyə böyük qayıdışı ilə bağlı evlərin, sosial obyektlərin inşa edilməsi və bölgəni yenidən canlandırıb yaşayış halına salınması ilə səciyyələnir.
Son ən mühüm hadisə Qazaxın 4 kəndinin bir güllə atılmadan geri alınması oldu. Daha 4 kəndin geri alınması delimitasiya prosesində həllini tapacaq. Bir çox hallarda sərhədin düzgün müəyyən edilməməsi, hətta məsələnin BMT müstəvisində həll olunması ilə bağlı absurd yanaşmalara rast gəlirik. Birdəfəlik anlamaq lazımdır ki, beynəlxalq qurumlar Azərbaycanın əraziləri, sərhədləri ilə bağlı bizim xeyrimizə heç bir addım atmayıb, atmayacaqlar da. Dünyada beynəlxalq təşkilat adına heç nə qalmayıb. Bununla belə, proses addım-addım irəliləyir. Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq, güllə atmadan ərazilərinin geri alınması üçün çox ciddi addımlar atdı. Həmin ərazilərdə dağlıq, yüksəkliklər, əkin, örüş sahələri var. Artıq vaxtilə həmin torpaqları məcburən tərk edən qazaxlılar yenidən öz yurdlarına geri dönüb, o torpaqların bütün gözəlliklərini doya-doya dadacaqlar.
- Bu kəndlərin işğalına səbəb olan məqamlara diqqət etsək, nələri görərik?
- Həmin dövrlərdə daxildə olan hərc-mərclik, orduda nizamsızlıq, hakimiyyət davası sərhəddə yaşayan insanların özünü müdafiəsiz hiss etməsi bu cür hallarda müqavimətsiz qalmalarına səbəb olurdu. Ona görə də insanlar çox zaman çıxış yolunu öz evlərindən köçüb getməkdə görürdülər. Torpaqların işğala məruz qalmasında Azərbaycan televiziyalarında daha çox xalqın milli ruhunu əzən verilişlərin olması, lazımı informasiyaların verilməməsi də öz təsirini göstərirdi. Bu gün dövlət sərhədlərimizin bütövləşməsi ilə paralel televiziyalarımızın işi vətənpərvərlik ruhunda düzgün qurulmalıdır.
- Dörd kəndin alınması ilə artıq delimitasiya prosesinin başlandığı qeyd olunur. Ümumən, bu prosesi necə dəyərləndirirsiniz?
- Proses gedir. Hələ ki, müxtəlif dövrlərin topoqrafik xəritələrinə söykənərək, sovet dövründə mövcud olan inzibati ərazi bölgüsünü müəyyənləşdirən sərhəd xətləri indi dövlət sərhədi ilə əvəz olunur. Burada xəritələrdən çox 1991-ci ildə Almatı şəhərində imzalanmış bəyannamənin rolu var. Almatı Bəyannaməsində müstəqilliyini elan etmiş respublikalar sovet dövründə mövcud olmuş inzibati ərazilərin sərhədlərini dövlət sərhədləri kimi tanıyırlar. Yəni, əldə olunan razılaşma belədir ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat-kilometr ərazini tanıyır. Almatı bəyannaməsi xəritələrdən üstün, daha yüksək hüquqa malik sənədlərdir. Bəzi yerlərdə sərhədləri müəyyənləşdirmək üçün xəritələrdən istifadə ediləcək. Amma qədim dövrün xəritələrinə yox, sovet dövrünün dağılmasına doğru çəkilən xəritələr gündəmdə olacaq.
- “Siz elə edəcəksiniz ki, 1921-ci il Qars müqaviləsini ortaya qoyacaqlar və bu da İrəvanın əldən getməsi olacaq”, - deyə üzünü etirazçılara tutan Paşinyanın bu fikirlərinin arxasında hansı notlar var, nədən narahatdır?
- Paşinyan çox gözəl bilir ki, erməniləri bu bölgəyə 1828-ci il Türkmənçay müqaviləsindən sonra ruslar gətiriblər və İrəvan xanlığını istila ediblər. Rusların yanında quyruq bulayan keşişlər, ermənipərəstlər qədim tarixdən, dünyada birinci sivilizasiyanın yaranmasından danışıb insanların beyinlərini doldurublar. Paşinyan deyir ki, mənim xalqım reallıqları qəbul edə bilmir. Onun beynini keşişlər və onun ətrafında dolaşan tarixçilər pozublar, reallıqları anlaması anlayışını məhv ediblər. Missiyamdan biri də ondan ibarətdir ki, bu bədbəxt xalq bugünkü reallıqları, beynəlxalq hüquq normalarını qavrasın. Paşinyan ağıllı adamdır, bilir ki, Qərbi Azərbaycan torpaqları var və orada erməni yaşamayıb.
Məsələn, Dilicanda bir kənddə yaşayan ermənidən soruşulur: neçə ildir burda yaşayırsan? Deyir, 15 il. Soruşulur, 15 ildən qabaq harada yaşamısan, deyir, Ermənistanın hansısa kəndində. Deyilir, o vaxt sizin yaşadığınız bu yerdə kim qalırdı? Cavab verir ki, bilmirəm. Soruşulur, necə bilmirsən, burada azərbaycanlılar yaşıyırdı. İndi həmin azərbaycanlının ya özü, ya da ordusu gəlib səni buradan qovacaq. Sən gəlib İrəvanda mənim kabinetimin qarşısında yalvaranda səni qəbul etməyəcəyəm. Xoşluqla torpağı qoy, çıx. Ermənistanda kilsə ilə Paşinyanın münasibətləri qaydasında deyil. Amma kilsənin o qədər nöqsanları var ki. Əgər bunların hamısını cinayət məcəlləsində təsbit etsələr, erməni kilsəsinin böyük bir hissəsini həbsə atmaq mümkün olacaq.
- Kilsənin siyasətə müdaxilə etməsi nə deməkdir?
- Kilsənin siyasətə müdaxilə etməsi və siyasəti istiqamətləndirməyə çalışması hüquqi cinayət məsuliyyəti yaradır. Yəni kilsə heç zaman siyasətə və siyasətçilərin işinə qarışmamalıdır.
- Kilsəni siyasətə müdaxilə etməyə, aksiyalar keçirməyə kim təhrik edir?
- Kilsəni bu aksiyalara vadar edən Robert Köçəryan və onun başının dəstəsidir. Ciddi şəkildə antinikol kampaniyasına qoşulub bütün adamlarını da bura cəlb edib. Serj Sarkisyan da bu prosesdə iştirak edir.
- Əgər kilsə aksiyaları hakimiyyət dəyişikliyinə səbəb olarsa, bu, regionda sülh prosesinə hansı təsiri göstərə bilər?
- Əgər Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırılacaqsa, hakimiyyətə revanşistlər - Köçəryan gələcək. Bu da bölgədə yeni müharibənin başlanması deməkdir. Bu müharibədə yenə Rusiya 30 il oynadığı rolu alacaq, yenə Ermənistana tanklar , toplar verəcək. Vəziyyət gərginləşəcək. Hər halda ümid edək ki, Paşinyanı yıxmaq mümkün olmayacaq. Kilsə getdikcə zəifləyir. Əvvəl ətrafında 500 adam var idisə, indi 300 adam qalıb. Getdikcə daha da azalacaq.
- Sülh müqaviləsinin noyabr ayına qədər imzalanacağı ehtimalı nə dərəcədə realdır?
- Hakimiyyət vətəndaş qarşıdurması səngisə sülh danışıqları prosesi yenidən start götürəcək. Əks halda proseslər gərginliyini saxlayacaq.